Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası imkanları müzakirə olunub

21 noyabr 2026 | 10:45

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası: işəgötürənlərlə tərəfdaşlıq imkanlarının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, müxtəlif istehsal və xidmət sahələrini təmsil edən 15-ə yaxın sahibkarlıq subyekti və könüllülər iştirak ediblər.

Çıxışlarda probasiya nəzarətində olan şəxslərin məşğulluğunun təmin edilməsi, onların cəmiyyətə reinteqrasiyası, mövcud stereotiplərin aradan qaldırılması və bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər, peşə hazırlığı və məşğulluq imkanları, işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər və stimullaşdırıcı mexanizmlər barədə məlumat verilib.

Müzakirələr zamanı sahibkarlıq subyektlərinin nümayəndələri mövcud vakant iş yerləri barədə məlumat verib, probasiya nəzarətində olan şəxslərin işlə təmin olunmasına, peşə hazırlığı və ixtisasartırma təlimlərinə cəlb edilməsinə dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Sonda bu istiqamətdə qurumlararası əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

#Abşeron #Abşeron_RİH #ƏdliyyəNazirliyi #ProbasiyaXidməti #Məşğulluq #Sosialİnteqrasiya

Keçidlər