Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda konfrans keçirilib

21 iyun 2024 | 10:22

Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində 26 iyun - “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru  Orxan Rzayev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin həkim-psixoloqu Ramin Allahverdiyev, səhiyyə, mədəniyyət və idman sektorunun məsul əməkdaşları , həmçinin rayonun tam orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi rəhbərləri, psixoloq və həkim-narkoloqlar iştirak ediblər.

Konfransda RİH başçısının müavini Gülnar Rəhimova bildirib ki, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında müəyyən edilmişdir.

G.Rəhimova bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, sayca beşinci “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edildiyini, Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun  icrası istiqamətində müvafiq orqanlarla əlaqələndirməsində  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasın, eləcə də RİH yanında yaradılmış  rayon komissiyasının  fəaliyyəti barəsində ətraflı məlumat verib .

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini qeyd edərək, qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr, o cümlədən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.

Abşeron RPİ-nin  İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru  Orxan Rzayev narkomaniyaya qarşı ölkədə aparılan mübarizədən, həmçinin rayonda bu sahədə görülmüş işlər və qarşıdan duran vəzifələrdən bəhs edib. Konfrans çərcivəsində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin həkim-psixoloqu Ramin Allahverdiyev tərəfindən narkomaniyaya qarşı efektiv mübarizə üsulları mövzusunda maarifləndirici təlim-məşğələ təşkil olunub.

Sonda mövzu ətrafında  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən mövcud və yeni yaradılmış qaynar xəttləri barədə məlumat verilib, eləcə də  hazırlanmış əyani vəsaitlər, bukletlər paylanılıb.

Keçidlər