Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda narkomaniyaya qarşı mübarizə çərçivəsində valideynlərlə maarifləndirici görüş keçirilib

11 noyabr 2026 | 14:03

Abşeron Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində valideynlərlə maarifləndirici görüş keçirilib.

Dəyirmi masa ətrafında təşkil olunan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Gülnar Rəhimova, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, Bakı Şəhər Narkoloji Mərkəzinin əməkdaşı Fidan Ataxanlı, eləcə də komissiyanın tərkibində təmsil olunan təhsil, səhiyyə, idman, QHT, ədliyyə və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizdə prioritet vəzifə kimi müəyyən edildiyini vurğulayıb. G.Rəhimova “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayon ərazisində görülmüş işlərdən söz açıb, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinin, ailə və məktəb əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Vasif Quliyev və Fidan Ataxanlı çıxış edərək narkotik asılılığının yaranma səbəbləri, psixoaktiv maddələrin növləri və insan sağlamlığına mənfi təsirləri, asılılığın formalaşma mərhələləri, eləcə də narkomaniyaya qarşı mübarizənin effektiv üsulları barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, yeniyetmələrin risk qruplarının vaxtında müəyyənləşdirilməsi, məktəb psixoloqları tərəfindən onlarla fərdi qaydada maarifləndirici və izahat işlərinin aparılması, valideynlərin övladlarının davranışlarına və sosial mühitinə diqqət yetirməsi narkomaniyanın profilaktikasında mühüm rol oynayır. Eyni zamanda, antinarkotik təbliğatın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş çərçivəsində komissiyanın tərkibində təmsil olunan müvafiq qurumların nümayəndələri 2026-cı il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə hesabat xarakterli çıxışlar ediblər.
Çıxışlarda rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər təhlil olunub, profilaktik və maarifləndirici fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.

Valideynlər də müzakirələrdə iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran məsələləri diqqətə çatdırıblar. Suallar ətrafında fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici və təbliğat materialları iştirakçılara təqdim olunub.

Keçidlər