Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilati dəstəyi, Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda silsilə tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən silsilə tədbirlərdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının sədri Gülnar Rəhimova, Abşeron RİH-in və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, Abşeron Rayon Ağsaqqallar Şurasının, Abşeron Rayon Polis İdarəsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət, idman və təhsil sektorlarının məsul şəxsləri, eləcə də QHT sədrləri və dini icma rəhbərləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər.
Tədbirlərdə narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx, eləcə də məktəb şagirdləri tərəfindən maarifləndirici səhnəciklər təqdim edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, silsilə tədbirlər çərçivəsində həmçinin Abşeron Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının cari ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclası keçirilib.