Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilati dəstəyi, Polis İdarəsinin təşkilatçılığı ilə bu günlərdə rayonun Mehdiabad qəsəbə 1, 2, 3 nömrəli orta ümumtəhsil məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda silsilə tədbirlər keçirildi.
Tədbirdə Abşeron rayon Polis İdarəsinin və Mehdiabad polis bölməsinin əməkdaşları, Abşeron RİH-in və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul işçiləri, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorlarının rəhbərləri, ağsaqqallar çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində problemə dair aktual məsələlərin vaxtaşırı müzakirə edildiyini, aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin aparıldığını vurğuladılar.
Habelə, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilati dəstəyi, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron rayon, Saray qəsəbə 3 və Ceyranbatan qəsəbə 1 nömrəli ortaümumtəhsil məktəblərində “Narkomaniya, onun psixoloji səbəbləri mövzusunda regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində silsilə tədbirlər keçirildi.
Qeyd edək ki, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının katibi Vüqar Bəşirov narkomaniya ilə mübarizə sahəsində keçirilən silsilə tədbirlərdə çıxış edərək, cari dövrü əhatə edən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədinin respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu şagirdlərin diqqətinə çatdırdı.
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova çıxış edərək bəşəriyyəti bürüyən narkomaniya bəlasından, onunla mübarizənin vacibliyindən danışıdı, narkotik istifadəçilərinin cinayətə meyilli olması, ondan asılı olan insanların bir çox hallarda ölümlə üz-üzə qaldığını qeyd etdi, gənclərin, yeniyetmələrin ayıq-sayıq olmağının vacibliyini vurğuladı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə çap edilən “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı kitabça iştirakçılara paylanıldı.