Abşeronda “Milli Kimlik və Müasir Şəhərsalma” mövzusunda maarifləndirici tədbir keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilati dəstəyi ilə Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli Kimlik və Müasir Şəhərsalma” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Abşeron RİH Könüllüləri və Uşaq Səfirlər Məclisinin nümayəndələri fəal iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan memarlıq irsinin zəngin tarixi, ölkədə həyata keçirilən müasir şəhərsalma siyasəti, abadlıq və quruculuq işləri, milli memarlıq ənənələrinin müasir şəhər mühitində qorunaraq inkişaf etdirilməsi barədə geniş təqdimat olunub. Bildirilib ki, milli kimliyin şəhərsalma proseslərində əks etdirilməsi şəhərlərin tarixi simasının və mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu davamıdır. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri müasir şəhərsalma prinsiplərinə əsaslanmaqla yanaşı, milli memarlıq irsinin qorunmasını da təmin edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin dayanıqlı inkişaf, innovativ yanaşmalar və milli-mədəni dəyərlərin vəhdətini özündə əks etdirdiyi vurğulanıb.
Gülnar Rəhimova çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun tarixi-mədəni irsin qorunması, memarlıq abidələrinin bərpası və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi mühüm layihələri də xüsusi qeyd edib.
Tədbirdə çıxış edən digər iştirakçılar vurğulayıblar ki, gənclərin və uşaqların şəhərsalma sahəsinə marağının artırılması, onların yaşıl, təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitinə dair fikir və təşəbbüslərinin dəstəklənməsi gələcəyin şəhərlərinin formalaşdırılmasına mühüm töhfə verəcək. Bildirilib ki, bugünkü gənc nəsil gələcəyin memarları, mühəndisləri və şəhər qurucuları kimi milli dəyərləri qorumaqla yanaşı, müasir və innovativ şəhər mühitinin yaradılmasında da fəal rol oynayacaq.
Tədbir iştirakçılar arasında fikir mübadiləsi və müzakirələrlə başa çatıb.






