Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda məişət zorakılığına qarşı silsilə maarifləndirici tədbirlər davam etdirilir

18 may 2023 | 15:22

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumtəhsil müəsissələrində keçirilən silsilə maarifləndirici tədbirlərdə məktəblilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb və təhsil işçiləri, psixoloqlar, valideynlər, KİV və QHT rəhbər və nümayəndələri iştirak ediblər.

Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova çıxış edərək məişət zorakılığının qarşısının alınması haqqında milli qanunvericilik və onun işləmə mexanizmi barədə məlumat verib, icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətindən söz açıb. O, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə cari ilin mart ayından Abşeron rayonu üzrə 15 bələdiyyənin nəzdində “Gender bərabərliyi komissiyaları”nın fəaliyyət göstərdiyini və baş vermiş halların operativ araşdırılması məqsədi ilə bələdiyyələrin inzibati binalarında müraciət qutularının mövcudluğunu vurğulayıb.

G.Rəhimova həmçinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə müvafiq dövlət qurumları və QHT-lərin iştirak ilə maarifləndirilmə işinin davamlı olaraq aparılmasının vacibliyini qeyd edib.

Görüşlərdə "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyinin sədri Gülşən Behbud, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, Telejurnalist Fəxriyyə İsayeva, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədr müavini, "Bizim Dövr" jurnalının baş redaktoru Vəfa Abbasova, məktəb direktorları və digər çıxış edənlər tədbirin məqsədindən danışaraq qeyd ediblər ki, qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin təmin olunması vacibdir.

Daha sonra iştirakçılara mövzu ilə bağlı nəşr olunmuş kitabça və maarifləndirici bukletlər təqdim edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Keçidlər