Abşeronda “Konstitusiya və Suverenlik ili” çərçivəsində forum keçirilib
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik çağırışları - Azərbaycan poeziyasında” mövzusunda Abşeron rayon mədəniyyət işçilərinin forumu keçirilib.
Tədbirdə RİH başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, rayonun bir qrup mədəniyyət xadimləri- şair və publisistlər, şəhid ailələri və müharibə iştirakçıları, mədəniyyət nümayəndələri iştirak edib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.
Tədbiri giriş sözü ilə açan RİH başçının müavini Gülnar Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini vurğulayıb.
Daha sonra şəhid atası, şair Nizami Cavadov, şəhid bacısı, şair Sevda Əsgərova, şairlər Xanlar Zəngəzurlu, Günay Ümid, Elmira Dərələyəzli, Məleykə Göyçəli, Sədayət Sədat, Səmayə Güləliqızı, Validə Məmmədova, Nuranə Təbriz, Milli Daşqın, Akif Xudiyev özlərinin vətənpərvərlik şeirlərini oxuyublar.
Xırdalan şəhər 7 saylı tam orta məktəbin şagirdləri şairlərin vətənə həsr olunmuş şeirlərini səsləndiriblər.
Vətən Müharibəsi qaziləri Daşqın Əziz və Vasif Allahverdiyev əsgərlərimizin qəhrəmanlığından söz açıblar. V.Allahverdiyev çıxışını özünün yazdığı şeirlə bitirib.