Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda idman sahəsində uğur qazanan idmançılarla görüş keçirilib

23 aprel 2025 | 17:41

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik İli" çərçivəsində idman sahəsində uğur qazanan Abşeronlu idmançılar ilə görüş keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirildiyini vurğulayan  Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bu gün Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etdiklərini qeyd edib. G.Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini qeyd edib.

G.Rəhimova həmçinin qeyd edib ki, görüşün keçirilməsində məqsəd idman sahəsində uğur qazanan gənclərin tanıdılması, yeniyetmə və gənclərin idmana, fiziki aktivliyə olan marağının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Daha sonra çıxış edən digər rəsmilər Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva idmançılarımızın qalibiyyət əldə etməsində əsas güc və stimul mənbəyi olan şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə edilən ləyaqətli qələbəmizdən, Cənab Prezidentimizin, yerlərdə aidiyyatı qurumların, şəhər və rayon İcra Hakimiyyəti Başçılarının idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan, nüfuzlu beynəlxalq turnirlərin ölkəmizdə beynəlxalq normalar çərçivəsində yüksək səviyyədə təşkilindən bəhs edərək idmançılara uğurlar arzulayıblar.

İdmançı Xalid Məmmədovun babası Xalid Kərimov və məşqçisi Elməddin Əhmədov da çıxış edərək tədbirin təşkilinə və idmançılara göstərdiyi diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyəti Başçısına öz təşəkkürlərini bildiriblər.

Görüşdə yeniyetmələr arasında Azərbaycan Cudo Federasiyası yığma komandasının üzvü, idmanın cudo növü üzrə Respublika üçüncüsü, ikiqat Avropa kuboku üçüncüsü, güləşin kuraş növü üzrə Avropa çempionu Məmmədov Xalid Aydaş oğlunun ölkə xarici idman yarışlarında rəqibləri ilə qarşılaşma anlarını və təltif olunma kadrlarını özündə əks etdirən video sujet təqdim olunub.

Sonda Abşeron rayonunun layiqli təmsilçiləri Xalid Məmmədov güləşin kuraş növü, Səma Abbasova boks idman növü, Rəşad Quluzadə isə qol güləşi idman növü üzrə Respublika və Avropa yarışlarında yüksək nəticələr göstərdiyinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına və “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub və səbəbkarlarla xatirə şəkilləri çəkilib.

Keçidlər