Abşeronda “Heydər Əliyev və Azərbaycan memarlığı” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan memarlığı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasında memarlıq və şəhərsalma siyasəti xüsusi yer tutur. O qeyd edib ki, bu gün ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri həmin siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir.
G.Rəhimova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında böyükmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan abadlıq işləri yeni şəhər və kəndlərin müasir memarlıq üslubunda yenidən qurulmasına şərait yaradır.
O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən ölkədə təhsil, mədəniyyət, səhiyyə və tarixi-mədəni irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirilir. Fondun təşəbbüsü ilə memarlıq abidələrinin bərpası, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də milli-mədəni irsin beynəlxalq aləmdə tanıdılması sahəsində ardıcıl və sistemli işlər görülür. Bu fəaliyyətlər Azərbaycan mədəniyyətinin qorunması və onun gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, müsabiqədə iştirak edən şagirdlər inşalarında Azərbaycanın memarlıq irsini, müasir şəhərsalma proseslərini və ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf siyasətini əks etdiriblər.
Sonda müsabiqənin qalibləri elan olunub. Belə ki, I yerə Xırdalan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Allahverdiyev Həsrət Fuad oğlu, II yerə Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinif şagirdi Hüseynli Əsmər Yaşar qızı, III yerə isə Novxanı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin VIII sinif şagirdi Soltanov Murad Əhməd oğlu layiq görülüblər. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif edilib.






