Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” üzrə təlim keçirilib

04 noyabr 2024 | 16:03

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Abşeron rayonunda “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunu əhatə edən təlim keçirilib. Təlimdə Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, GƏZ üzrə mütəxəssislər, o cümlədən bələdiyyələrin nəzdində fəaliyyət göstərən Gender komissiyalarının rəhbərləri, hüquqşünaslar, prokurorluq və polis əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrinin əməkdaşları və  psixoloqları, ictimai fəallar və Abşeron RİH könüllüləri iştirak ediblər.

Təlim qadınlara qarşı törədilən zorakılığın öncədən qarşısının alınması, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi və zərərçəkmişlərə dəstək göstərilməsi məqsədini hədəfləyir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova təlimin açılışında çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını,  qadınların ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirakını, habelə  bütün sahələrdə olduğu kimi, qərarların qəbuletmə prosesində təmsil olunmasını qeyd edib. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

G.Rəhimova bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, 23 fevral 2024-cü ildə "Məişət zorakılığının qarşısının alınması haqqında"  qanunda dəyişiklik edilməsi,  o cümlədən sözügedən qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat verib.

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev bildirib ki, layihənin həyata keçirilməsində məqsəd sosial işçilərin və yerli icma nümayəndələrinin bilik və bacarıqlarını artırmaqla, məişət zorakılığı ilə mübarizədə aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirmək və məişət zorakılığı hallarının azaldılmasına töhfə verməkdir.

Bildirilib ki, layihənin ilk mərhələsində həyata keçirilən əsas addımlar gender əsaslı zorakılıq hallarının idarə edilməsi sistemlərinə cəlb olunan maraqlı tərəflərin oynadığı rolları, tərəfdaşlıqlarını və potensiallarını araşdırmaq və təhlil etməkdən ibarətdir.

Daha sonra GƏZ üzrə peşəkar təlimçi İstək Bəxtiyarova tərəfindən keçirilən "Gender bərabərsizliyinin səbəbləri və nəticələri”, eləcə də “Gender əsaslı zorakılıq qurbanları üçün mövcud xidmətlərdən istifadəyə mane olan amillər və onların aradan qaldırılması”  mövzularında təlimdə iştirakçılara zorakılığa məruz qalan qadınlar üçün mövcud xidmətlərin istifadəsini asanlaşdırmağın yolları, zərəçəkənlərə hüquqi və sosial dəstək göstərilməsinin mexanizmləri, həmçinin empatik ünsiyyətin əhəmiyyəti barədə ətraflı məlumat verilib..

Müzakirələr zamanı iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda təlim iştirakçıları sertifikatla təltif olunub.

Keçidlər