Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda gənclər və idman sahəsi diqqət mərkəzindədir

26 iyul 2022 | 16:53

İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 28 illiyi tamam olur.
Xalqımızın ulu öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir.
İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir.

Son illər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qələbələri davamlı xarakter alıb. Əldə olunan nailiyyətlərdə abşeronlu idmançıların da payı var. Rayonda 6300 nəfərə yaxın uşaq, yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. Ötən 6 ay ərzində rayon gəncləri 11 respublika tədbirində, 5 beynəlxalq və 25 respublika idman yarışında iştirak edib. Abşeronlu gənclər respublika və beynəlxalq yarışlarda 86 medal qazanıblar. Onlar xarici ölkədə keçirilən beynəlxalq yarışlarda 6 qızıl, 5 gümüş və 8 bürünc medal, respublika yarışlarında isə 24 qızıl, 16 gümüş və 27 bürünc medal əldə ediblər.

Son 6 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə tədbirlər planına uyğun olaraq gənclərlə bağlı və idman sahəsində 100-ə yaxın tədbir keçirilib. Son illər rayonda bədən tərbiyəsi və idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verəcək, daha böyük uğurların təməlini qoyacaq.

Keçidlər