Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı yanında Dini işlər üzrə komissiyanın və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun və “Qəyyumluq və Himayəçilik Komissiyası”nın, o cümlədən Abşeron rayonu üzrə 15 bələdiyyənin nəzdində yaradılmış “Gender bərabərliyi komissiyaları”nın sədrləri və üzvləri, Ağsaqqallar Şurası və dini icma rəhbərləri iştirak ediblər.
Görüşün məqsədi cari ildə rayon ərazisində erkən nikahlara və yetkinlik yaşına çatmayan şəxslərin dini kəbinlərinin qeydə alınmasına qarşı mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Erkən nikahların məişət zorakılığına zəmin yaratdığını vurğulayan RİH başçısının müavini Gülnar Rəhimova Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qəbul olunmuş qərarların, milli qanunvericiliyin, eləcə də dövlət proqramlarının əhəmiyyətindən danışıb.
Abşeron Rayon Polis İdarəsinin rəis müavini Vüsal Axundov bildirib ki, rayon ərazisində erkən nikaha səbəb olacaq dini kəbinin qeydə alınması halları məlum olarsa, bu zaman hüquq mühafizə orqanları məsələyə müdaxilə edir və məsələ araşdırılır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nikah olmadan dini kəbinin kəsilməsini qadağan etməsi barədə qərarını xatırladıb və bu kimi halların qanunazidd olduğunu bildirib.
Görüşdə monitorinq qrupunda təmsil olunan Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, 15 bələdiyyənin nəzdində yaradılmış “Gender bərabərliyi komissiyaları”nın sədrləri və dini icma rəhbərləri çıxış edərək mövcud problemlər və onların həlli istiqamətində nəzərdə tutulmuş işlər barəsində ətraflı məlumat veriblər.
Daha sonra mövzu ilə əlaqədar müzakirə aparılıb, suallar cavablandırılıb.