Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeron rayonunda 1986-cı il aprelin 26-da baş vermiş Çernobıl AES qəzası zamanı zərər çəkmiş şəxslərə həsr olunmuş tədbir təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbir faciə qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Azərbaycanda Çernobıl əlillərinə və onların ailə üzvlərinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. O qeyd edib ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
G.Rəhimova vurğulayıb ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı sağlamlığını itirmiş vətəndaşların sosial rifahı daim dövlətin diqqət mərkəzindədir və onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra Respublika Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Abşeron filialının sədri Rövşən Qədəşov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O bildirib ki, Çernobıl əlillərinin bir qismi dövlət tərəfindən mənzil və avtomobillərlə təmin olunub.
R.Qədəşov həmçinin qeyd edib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün səfərbər edilənlər arasında azərbaycanlılar üstünlük təşkil edib. Onun sözlərinə görə, həmin dövrdə SSRİ rəhbərliyi hadisənin real miqyasını gizlətməyə çalışsa da, sonradan bu faciə dünya ictimaiyyəti tərəfindən əsrin ən böyük fəlakətlərindən biri kimi qiymətləndirilib.
Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən bu cür görüşlərin əsas məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini yad etmək, onların problemlərini dinləmək və sosial rifahlarının yaxşılaşdırılmasına dəstək göstərməkdir.






