Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Bu günlərdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunda sağlamlıq imkanları məhdud olan 5-18 yaşlı uşaqlar üçün yeni açılmış Günərzi Qayğı Mərkəzi, o cümlədən 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi ziyarət edilib.
Tədbirlərdə millət vəkili Rizvan Nəbiyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Abşeron RİH-in əməkdaşları, habelə Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, müharibə iştirakçıları, ictimai birliklərin rəhbərləri, eləcə də sözügedən müəssisələrin kollektivləri, USM-nin Abşeron rayon üzrə uşaq nümayəndə və fəalları iştirak ediblər.
Əvvəlcə qonaqlar uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə cavab verən hər iki müəssisədə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə tanış olub, bu dərnəklərdə uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib.
Tədbirlərdə bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq və gənclər siyasəti sayəsində ölkəmizdə bu istiqamətdə olduqca əhəmiyyətli dövlət proqramları, o cümlədən qərarlar qəbul olunub. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndər Heydər Əliyevin daim diqqətində olduğu vurğulanaraq bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların inkişafına xüsusi diqqət yetirilib və bu istiqamətdə Heydər Əliyev Fondu, eləcə də İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən çoxsaylı və çoxşaxəli layihələr icra olunub. Dövlət başçısı cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası» da bu diqqət və qayğının tərkib hissəsidir.
Tədbirlərdə həmçinin sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən bədii hissə nümayiş etdirilib.