Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Beynəlxalq Gənclər Günü qeyd olunub

12 avqust 2026 | 14:51

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Abşeron rayonunda gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH-in könüllülər üzrə məsul şəxsi, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Maisə Abbasova, Abşeron RİH könüllüləri və rayon gəncləri iştirak ediblər.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə dövlət gənclər siyasəti, gənclərin ictimai həyatda fəallığının artırılması, könüllülük fəaliyyətinin genişləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və potensiallarının reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb.Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən dövlət siyasəti gənclərin təhsil, məşğulluq, sosial və ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına, onların bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır.

İnteraktiv formatda davam edən görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar, dövlət əhəmiyyətli tədbirlərdə fəallıq göstərən gənclərə isə fəxri fərmanlar təqdim edilib. Beynəlxalq Gənclər Günü çərçivəsində Abşeronda “Sağlam Gənclik və Sağlam Gələcək” adlı idman tədbiri də təşkil olunub.

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən tədbirdə gənclər, könüllülər, idmançılar və idmansevərlər iştirak ediblər. Açıq havada təşkil olunan tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Tədbirin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, onların asudə vaxtının səmərəli təşkili və fiziki fəallığının təşviq edilməsi olduğu bildirilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov ölkəmizdə gənclərə və idmançılara göstərilən dövlət diqqət və qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs ediblər. Qeyd olunub ki, Abşeron rayonunda gənclərlə bağlı həyata keçirilən layihə və tədbirlər onların ictimai fəallığının yüksəldilməsinə, könüllülük hərəkatının genişləndirilməsinə, sağlam həyat tərzinin təşviqinə və gənclərin cəmiyyətin inkişafında daha fəal iştirakına xidmət edir.

Keçidlər