Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib

16 aprel 2026 | 12:04

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında keçirilən mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra akademikin həyat və elmi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli alimdir. G.Rəhimova  vurğulayıb ki, Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında  şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova isə çıxışında akademik Zərifə Əliyevanın ölkəmizdə oftalmologiya elminin inkişafında müstəsna rolundan bəhs edib. Bildirilib ki, görkəmli alim geniş yayılmış göz xəstəliklərinin müalicəsində böyük uğurlara imza atıb və bir çox tibbi problemlərin həllinə nail olub. Qeyd edib ki, akademikin elmi fəaliyyəti ölkəmizdə gənc alim və həkimlərin yetişməsinə mühüm töhfə verib.

Daha sonra xəstəxananın həkim-oftalmoloqları Ülkər Həsənova və Sevil Nuruyeva çıxış edərək bildiriblər ki, Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, onun apardığı tədqiqatlar və tətbiq etdiyi müalicə üsulları bir çox göz xəstəliklərinin uğurlu müalicəsinə zəmin yaradıb.

Sonda vurğulanıb ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi və humanist ideyaları bu gün də yaşayır və Azərbaycan tibb elminin inkişafına töhfə verməyə davam edir. Görkəmli alimin xatirəsi xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla yad olunur.

Keçidlər