Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Abşeron-Xızı Regional Gənclər və İdman və Abşeron-Xızı Regional Təhsil İdarələrinin, eləcə də Abşeron Rayon Mərkəzi Xəstəxanası və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin təşkilatçılığı ilə “15 May – Beynəlxalq Ailə Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib.
“Ailə həftəsi” çərçivəsində baş tutan görüşlərdə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova əlamətdar günün tarixindən, dövlət siyasətimizin prioritet istiqamətlərindən birinin məhz milli-mənəvi dəyərlərimizin təcəssümü hesab edilən ailə siyasətindən, Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından, qurumun fəaliyyətindən, hər il ölkəmizdə eləcə də Abşeron rayonunda “15 May – Beynəlxalq Ailə Günü” ilə əlaqədar təşkil edilən tədbirlərdən söz açıb.
Rayon ərazisində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində, orta ümumtəhsil müəssisələrində, eləcə də Kollecdə keçirilən tədbirlərdə çıxış edənlərdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru, filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva, Abşeron Mərkəzi Xəstəxanasının əməkdaşları həkim-ginekoloq Qasımzadə Gülnar və psixoloq Təhminə Cəfərova, həmçinin təhsil işçisi, psixoloq İstək Bəxtiyarova öz növbələrində yüksək əxlaqi keyfiyyətlərə malik sağlam, güclü və vətənpərvər ruhlu, tarixi köklərimizə bağlı ailə modelinin əhəmiyyəti, reproduktiv sağlamlıq, gənclərə və xüsusən də gənc ailələrə psixoloji dəstəyin verilməsi, ailə institutunun gücləndirilməsi və dəyərlərinin təbliği, gənc ailələr üçün yaradılan xüsusi imtiyaz və imkanlar haqqında məlumat verərək mövzu ətrafında fikirlərini və tövsiyyələrini gənclərin diqqətinə çatdırıblar.
İnteraktiv müzakirə formatında davam edən tədbirlərdə mütəxəssislər tərəfindən gənc ailələri və gəncləri maraqlandıran suallar cavablandırılıb, müvafiq maarifləndirici bukletlər paylanılıb.