Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2026 | 12:28

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron rayonunda təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib.

Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, müəllimlik hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan, gələcək nəsillərin formalaşmasına xidmət edən ən şərəfli və məsuliyyətli peşələrdən biridir.

G.Rəhimova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman müəllim əməyinə yüksək qiymət verib, təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müasir məktəblərin tikilməsi və təhsil infrastrukturunun yenilənməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Müəllimlərin gənc nəslin bilikli, dünyagörüşlü, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsində mühüm rol oynadıqlarını vurğulayıb, təhsil işçilərinə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək onların cəmiyyətin inkişafındakı əvəzsiz rolundan, müəllim əməyinə göstərilən diqqət və qayğıdan danışıb.

Çıxışlarda Abşeron rayonunda təhsil sahəsinin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən də bəhs olunub.

Tədbir çərçivəsində təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və əldə etdiyi nailiyyətlərə görə bir qrup təhsil işçisi təltif olunub.

Sonda müəllimlərə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, Azərbaycan təhsilinin inkişafı və gələcək nəsillərin yetişdirilməsi yolunda yeni nailiyyətlər arzulanıb.

#5Oktyabr #BeynəlxalqMüəllimlərGünü #Abşeron #AbşeronRİH #Təhsil #Müəllim #AbşeronXızıRegionalTəhsilİdarəsi

Keçidlər