Abşeronda 5 May – “Xalçaçı Günü” ilə bağlı tədbir təşkil olunub
Abşeron Rayon İcra Hakimiyyəti və Qobu Xalçaçılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan incisi: xalçaçılıq irsi” mövzusu çərçivəsində “Xalçaçılıq: bacarıqdan peşəyə” adlı praktik seminar keçirilib. Tədbir Qobu Xalçaçılıq Mərkəzində baş tutub.
Seminarın əsas məqsədi milli-mədəni irsimizin ayrılmaz hissəsi olan xalçaçılıq sənətinin təbliği, bu sahəyə marağın artırılması və şagirdlərin peşəyönümlü inkişafına dəstək göstərilməsi olub. Tədbirin 5 may – Xalça Günü ərəfəsində keçirilməsi onun əhəmiyyətini daha da artırıb.
Qobu qəsəbəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdləri üçün təşkil edilən seminarda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova və “Azərxalça” ASC-nin İstehsalat direktoru Əlisəfa Nuriyev və “Azərxalça” ASC-nin Abşeron filalının direktoru Şamxal Talıblı çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, xalçaçılıq Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin mədəni irsinin mühüm tərkib hissəsidir. Bildirilib ki, bu sənət növü ölkənin maddi və mənəvi dəyərlərini özündə əks etdirən nadir irs nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır və onun qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi prioritet məsələlərdəndir.
Tədbir çərçivəsində Qərbi Azərbaycan bölgəsinin xalçaçılıq ənənələrinə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Göyçə, İrəvan, Zəngibasar, Dərələyəz kimi tarixi bölgələrdə formalaşmış xalçaçılıq məktəbləri özünəməxsus ornamentləri, rəng çalarları və kompozisiya xüsusiyyətləri ilə seçilir. Bu xalçalarda qədim türk inancları, təbiət motivləri və gündəlik həyat səhnələri bədii şəkildə əksini tapır.
Seminar zamanı şagirdlər xalçaçılıq sənətinin incəlikləri ilə yaxından tanış olub, təcrübəli mütəxəssislərin rəhbərliyi ilə praktik məşğələlərdə iştirak ediblər. İştirakçılara xalça toxuma texnikaları, naxışların semantikası, eləcə də bu sahədə mövcud karyera imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, bu cür təşəbbüslər gənclərin milli sənət sahələrinə marağının artırılması, onların bacarıqlarının inkişaf etdirilməsi və gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






