Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib

31 mart 2026 | 18:11

Abşeron rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub. Tədbir Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilib. Görüşdə Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi Mayisə Abbasova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, Qərbi Azərbaycan əsilli gənclər, Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər, USM-nin nümayəndələri və fəal üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında bildirib ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlı əhali də 1918-ci ilin mart soyqırımının ağır nəticələrini yaşayıb. O qeyd edib ki, 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Rəsmi mənbələrə əsasən, bu hadisələr nəticəsində 12 minə yaxın insan qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.

G.Rəhimova vurğulayıb ki, uzun müddət bu faciəyə lazımi tarixi, siyasi və hüquqi qiymət verilməyib. Yalnız Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis olunub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə soyqırımı ilə bağlı elmi araşdırmalar genişləndirilir və yeni faktlar ictimaiyyətə təqdim edilir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev və icmanın fəal üzvü İstək Bəxtiyarova 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün əhəmiyyəti və icmanın fəaliyyəti barədə məlumat veriblər. O, gənclərin tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Abşeron məktəbliləri gün ərzində Digah qəsəbə qəbiristanlığında yerləşən “Türk şəhidliyi” abidəsini ziyarət edərək naməlum türk əsgərinin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Keçidlər