Abşeronda 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Olimpiya İdman Kompleksi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə, xüsusilə gənclər arasında məlumatlılığı artırmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə maarifləndirmə fəaliyyətini gücləndirmək olub. Görüş çərçivəsində sağlam həyat tərzini seçən idmançı gənclərlə fikir mübadiləsi aparılıb, onların rayon gəncləri arasında sağlam həyat tərzinin və idmanın təbliğində, eləcə də narkomaniyaya qarşı maarifləndirmə işlərində fəal iştirakının vacibliyi vurğulanıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə rayonun gəncləri, idmançıları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti yanında "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə" rayon komissiyasının sədri Gülnar Rəhimova çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə narkomaniya ilə mübarizə sistemli və kompleks şəkildə aparılır, bu sahədə səmərəli tədbirlər həyata keçirilir.
Gülnar Rəhimova qeyd edib ki, gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam həyat tərzinə, idmana, elmə və yaradıcı fəaliyyətə təşviq edilməsi narkomaniya ilə mübarizənin əsas istiqamətlərindəndir. O, idmançı gənclərin sağlam həyat tərzinin təbliği və maarifləndirmə işlərində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Abşeron Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov və Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmanın inkişafı və asudə vaxtın səmərəli təşkili istiqamətində görülən işlərdən bəhs ediblər.
Çıxışlarda narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ciddi fəsadlar, bu sahədə hüquqi məsuliyyət, eləcə də narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, gənclərin sağlam, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması, onların idmana və ictimai fəallığa cəlb olunması narkomaniya ilə mübarizədə mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılar idmançı gənclərin məşq prosesini izləyib, onların məşğul olduqları idman növləri ilə yaxından tanış olublar. Görüş iştirakçıları idmanın sağlam həyat tərzinin formalaşdırılmasında və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında əvəzsiz rolunu bir daha vurğulayıblar.






