Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Xocalı soyqırımının 32-ci ildönümü yad edilib

26 fevral 2024 | 16:59

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini ehtriamla yad ediblər.

Sonra “Xocalıya qayıdış” mövzusunda Abşeron məktəbliləri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilib.

Abşeron rayonunda məskunlaşan Xocalıların və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

Sonra Rayon İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, RİH əməkdaşı, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Mayisə Abbasova,  Xocalıdan olan Brilyant Hacıyeva və digərləri çıxış edərək ermənilərin xalqımızın başına gətirdiyi misli görünməmiş müsibətlərdən danışıblar. Ermənilər tərəfindən sadəcə olaraq azərbaycanlı olduqlarına görə əliyalın, günahsız və silahsız insanları qanına qəltan edilib, ahıl, qadın, uşaq olmalarına baxmayaraq hamısı gülləboran olunub və süngüdən keçirilib. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Qeyd edilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" – deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” –  deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verib.

Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Qeyd edilib ki, Xocalı soyqırımının, eləcə də bütün şəhidlərimizin qisası döyüş meydanında layiqincə alınıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürüb. Bu gün Xocalı azaddır. Xocalılar azad, təhlükəsiz şəkildə öz yurdlarına, evlərinə dönə bilirlər. Azərbaycan xalqının Zəfəri ilə 30 illik vətən həsrəti bitib. Vətən müharibəsindəki parlaq Zəfərindən sonra artıq Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edirik.

Keçidlər