Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

22 yanvar 2025 | 16:26

Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Rigional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Abşeron rayon bölməsinin birgə təşkilatçılığı ilə xalq şairi, dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin ailə üzvləri, RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, idarə, təşkilat rəhbərləri, elm, mədəniyyət  və incəsənət xadimləri, o cümlədən rayon orta ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti iştirak edib.

Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutan tədbir görkəmli şairin ömür yolundan bəhs edən videoçarxın, həmçinin tədbirin aparıcıları  tərəfindən ədibin zəngin həyat və yaradıcılığı haqqında ətraflı təqdimatları ilə başlayıb.

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının önəmini vurğulayan RİH başçısının müavini Gülnar Rəhimova çıxışında  Nəbi Xəzrinin XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,  publisist, ssenarist, dramaturq, nasir olmaqla yanaşı, həm də tanınmış ictimai xadim olduğunu, səmərəli fəaliyyəti çərçivəsində Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər gördüyünü qeyd etdi. Eyni zamanda, Nəbi Xəzri irsinin  millilik və bəşərilik, humanizm və vətənpərvərlik, xalq həyatına bağlılıq kimi bədii yaradıcılıq keyfiyyətlərini də  özündə əks etdirən, orijinal poeziya olduğunu vurğuladı.

Daha sonra çıxış edən filalogiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, “Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud görkəmli şairin zəngin fəaliyyət və yaradıcılığından bəhs edib, onunla bağlı xatirələrini bölüşüb, şairin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıb, poeziyasının yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazandığını qeyd ediblər.

Tədbirin bədii hissəsində rayonun mədəniyyət-incəsənət xadimləri, habelə şairin məzun olduğu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri ifasında şeirləri səsləndirilib, onun sözlərinə yazılmış mahnılar ifa edilib.

Xalq şairi Nəbi Xəzrinin övladları Arzu Babayev, Gülümsər Abbasova və Pərixanım Əliyeva çıxışlarında N’bi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından böyük sevinc duyğuları keçirdiklərini qeyd edərək bunu ölkə başçısı tərəfindən xalq şairinə, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə verilən böyük dəyərin göstəricisi olduğunu vurğulayıb və buna görə öz təşəkkürlərini bildirdilər.

Keçidlər