Abşeron rayonunda “WUF13 Azərbaycan – Uşaqların Gözü ilə Gələcəyin Şəhərləri” adlı tədbir keçirilib
Abşeron rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, “Şəhərsalma və Memarlıq İli” və Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində “WUF13 Azərbaycan – Uşaqların Gözü ilə Gələcəyin Şəhərləri” adlı tədbir təşkil olunub.
22 may 2026-cı il tarixində Abşeron Rayon İcra Hakimiyyəti və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar gələcəyin şəhərləri ilə bağlı baxışlarını rəsm əsərləri, maketlər, təqdimatlar və innovativ ideyalarla nümayiş etdiriblər. İştirakçılar dayanıqlı, təhlükəsiz, ekoloji cəhətdən sağlam və müasir texnologiyalarla inteqrasiya olunmuş şəhər mühitinə dair baxışlarını bölüşüblər.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında memarlıq və şəhərsalma siyasəti xüsusi yer tutur. O qeyd edib ki, bu gün ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri həmin siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir. G.Rəhimova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında böyükmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan abadlıq və yenidənqurma işləri yeni şəhər və kəndlərin müasir memarlıq üslubunda formalaşdırılmasına şərait yaradır. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən ölkədə təhsil, mədəniyyət, səhiyyə və tarixi-mədəni irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirilir. Fondun təşəbbüsü ilə memarlıq abidələrinin bərpası, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də milli-mədəni irsin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl və sistemli işlər görülür. Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu – WUF13 urbanizasiya, dayanıqlı inkişaf, inklüziv mühit və gələcəyin şəhərləri ilə bağlı qlobal çağırışların müzakirə edildiyi mühüm beynəlxalq platformadır. Forum çərçivəsində uşaqların və gənclərin fikir və təkliflərinin dinlənilməsi xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə digər iştirakçılar tərəfindən vurğulanıb ki, uşaqlar şəhərlərin yalnız bugünkü sakinləri deyil, həm də gələcəyin qurucularıdır. Onların təhlükəsiz, yaşıl zonaları geniş, əlçatan və ekoloji təmiz şəhərlərlə bağlı baxışları müasir urban planlaşdırmada innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verir. Bildirilib ki, müasir şəhərsalma siyasətində uşaqların iştirakının təşviq olunması onların iştirak hüququnun təmin edilməsinə, yaradıcılıq potensialının inkişafına, vətəndaş məsuliyyətinin formalaşmasına və şəhər mühitinə bağlılığının gücləndirilməsinə xidmət edir.






