Abşeron rayonunda uşaqların rəqəmsal təhlükəsizliyinə həsr olunmuş konfrans-təlim keçirilib
20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində valideynlərin rolu” mövzusunda konfrans-təlim keçirilib.
Tədbirin əsas məqsədi uşaqların rəqəmsal mühitdə hüquqlarının və təhlükəsizliyinin qorunması, valideynlərin bu sahədə maarifləndirilməsi və ailə-məktəb əməkdaşlığının gücləndirilməsi olub.
Konfrans-təlimdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun məsul əməkdaşı Pərviz Əhmədov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.
Çıxışlarda uşaqların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasəti, proqram və layihələr, təhlükəsiz rəqəmsal mühitin yaradılması, internetdən düzgün və məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılması, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi, valideyn məsuliyyətinin artırılması və ailə-məktəb əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Konfrans-təlim çərçivəsində İT mütəxəssisi Şamo Əliyev uşaqların internet və sosial şəbəkələrdə qarşılaşdıqları risklər, zərərli oyun və tətbiqlərin təsiri, rəqəmsal asılılıq, şəxsi məlumatların qorunması və valideyn nəzarəti mexanizmləri barədə təqdimatla çıxış edib, valideyn nəzarəti vasitələrinin imkanları praktiki nümunələrlə izah olunub.
Məktəbin psixoloqu Arzu Şamilova rəqəmsal asılılığın uşaqların psixoloji və emosional sağlamlığına, davranışlarına və sosial münasibətlərinə təsiri, bu halların qarşısının alınmasında valideynlərin rolu barədə məlumat verib.
İnteraktiv formatda davam edən tədbirdə valideynlərin sualları cavablandırılıb, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması və internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması ilə bağlı praktiki tövsiyələr verilib.
#Abşeron #Abşeron_RİH #UşaqHüquqları #ÜmumdünyaUşaqHüquqlarıGünü #RəqəmsalTəhlükəsizlik #ValideynMəsuliyyəti






