Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilib

24 dekabr 2024 | 15:14

Abşeron rayon İcra Hakimiyyətində (RİH) təcrübə keçən könüllülərin növbəti qrupuna sertifikatlar təqdim edilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyərək, vətənpərvərlik missiyasını özündə əks etdirən könüllülük hərəkatının öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyi olduğunu vurğulayıb.

G.Rəhimova bildirib ki,  könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır.  Bunun nəticəsidir ki, bu gün Azərbaycanda " ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” kimi bir sıra könüllülük hərəkatları yaradılmış, digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, rifahın yaxşılaşması istiqamətində dövlət qurumlarının fəaliyyətinə öz əvəzolunmaz töhfəsini verirlər.

Qeyd edilib ki, cari ilin son 4 ayı ərzində Abşeron RİH-ə könüllülük fəaliyyəti üçün gənclər tərəfindən çoxsaylı müraciətlər olunmuş, sonuncu həyata keçirilən layihə üzrə 35 gənc könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunmuş və ixtisaslarına uyğun olaraq RİH-in müvafiq şöbələrində, eləcə də rayon ərazisində idarə, müəssisə və təşkilatlarda könüllülük fəaliyyətini həyata keçirmişlər.

G.Rəhimova onu da qeyd edib ki, “Abşeron könüllüləri” gündəlik iş proseslərində, tədbirlər və vətəndaşlarla keçirilən səyyar qəbullarda, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində  rayon ərazisində keçirilən tədbirlərdə aktiv şəkildə iştirak ediblər. 

Daha sonra çıxış edən könüllülər təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon icra hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Sonda könüllülük fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə Abşeron RİH-nin xasiyyətnamə və sertifikatları təqdim olunub.

Keçidlər