Abşeron rayonunda qanvermə aksiyası keçirilir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə oktyabrın 10-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə qanvermə aksiyası keçirdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən yoxlanılır, müvafiq tibbi müayinədən sonra könüllülərdən qan götürülür. Yığılan yeni qan ehtiyatı təkrar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir.
Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin drektoru Mehriban Qaralovanın verdiyi məlumata əsasən qanvermə aksiyası gün ərzində davam etdiriləcək.