Abşeron rayonunda Polis İşçilərinin Peşə bayramı qeyd edilib
02 iyul 2022 | 09:32
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri və Abşeron polisinin əməkdaşları iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan polisi yarandığı cümhuriyyət dövründən bu günə kimi daim xalqın xidmətində durub. Azərbaycanda Daxili İşlər Orqanlarının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət rəhbərliyi tərəfindən Azərbaycan Polisinə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Polis Orqanlarının maddi-texniki bazası gücləndirilib, polis əməkdaşlarının şəxsi heyəti və pəşəkarlıq səviyyəsi artırılıb, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında polis əməkdaşlarının böyük xidmətlərinin olduğunu, onların üzərinə məsuliyyətli işin düşdüyünü və bu şərəfli işin öhdəsindən uğurla gəldiklərini vurğulayan RİH başçısı qeyd edib ki, Azərbaycan polisi həm Birinci Qarabağ Müharibəsində, həm də Vətən Müharibəsində ordumuzla çiyin-çiyinə döyüşüb, “Dəmir yumruq” ətrafında sıx birləşərək torpaqlarımızın 30 illik işğalına son qoyulmasında qəhrəmancasına döyüşüblər.
Sonra çıxış edən Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polisi Günü kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
Daha sonra Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, DTX Abşeron rayon İdarəsinin rəisi Ruslan Rəhimov, rayon prokuroru Qabil Qasımov , Rayon Məhkəməsinin sədri Elçin Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, YAP Aberon Rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək polis işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib və 104 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini bildiriblər.
Sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən fəxri fərman və mükafatlar təqdim edilib.