Abşeron rayonunda könüllülərlə görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında Abşeron RİH yanında İctimai Şuranın könüllüləri ilə görüş keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, İctimai Şuranın sədri Elçin Quliyev və könüllülər iştirak edib.
İctimai Şuranın sədri çıxış edərək bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir. Ölkədə həyata keçirilən könüllülük hərəkatına öz tövhəsini vermək məqsədilə İctimai Şura da könüllü mərkəzinin yaradılması barədə təşəbbüs göstərib.
Daha sonra RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. Qeyd olunub ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir. Könüllülük fəaliyyəti gənclərin fərdi və karyera inkişafı üçün yeni imkanlar yaradacaq, praktik biliklərinin artırılmasında, yaradıcı və innovativ potensialının üzə çıxarılmasında böyük təsiri olacaqdır. Könüllülərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, könüllülük fəaliyyətinə gənclər 3 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklər. Bu müddətdə işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Sonda könüllülərlə xatirə fotosu çəkilib.