Abşeron rayonunda Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilmə ilə bağlı tədbir keçilrilib
Xırdalan şəhərində Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı maarifləndirmə tədbiri keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin və Polis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə adıçəkilən qurumların məsul əməkdaşları və Xırdalan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin IX-XI siniflərindən 250-ə yaxın şagird iştirak edib.
Polis Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bölməsinin rəisi Elçin Orucov və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları çıxış edərək şagirdlərə polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılıb.
Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilərək qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Həmçinin, Akademiyaya qəbul qaydaları ilə bağlı abituriyentlərin sualları cavablandırılaraq orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Bununla yanaşı, Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara Akademiyaya dair bukletlər paylanıb.
Qeyd edək ki, belə maarifləndirmə tədbirlərin Abşeron rayonunun digər kənd və qəsəbələrində fəaliyyət göstərən məktəblərin şagirdləri üçün də keçirilməsi nəzərdə tutulub.