Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “Ailədaxili zorakılıq və hüquqi maarifləndirmə” mövzusunda tədbir keçirilib

04 may 2026 | 14:34

Abşeron rayonunda “Ailədaxili zorakılığın qarşısının alınması və hüquqi maarifləndirmə” mövzusunda maarifləndirici tədbir keçirilib. Rayonun Qobu qəsəbəsindəki 3 saylı tam orta məktəbdə baş tutan tədbirdə təhsil ocağının şagirdləri, valideynlər və müəllim kollektivi iştirak edib. Günümüzün ən aktual mövzularından birinə həsr olunan maarifləndirmə missiyası interaktiv formada reallaşıb.

İlk öncə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, RİH başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Şükufə Məmmədova və Rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Cəlal Əmirxanov  çıxış edərək mövzunun aktuallığı və vacibliyi haqqında danışıblar. Bildirilib ki, müasir dövrün aktual problemlərindən olan ailədaxili zorakılıq cəmiyyətin sosial rifahına ciddi təsir göstərən problemlərdən biridir və xüsusilə uşaqların psixoloji inkişafına mənfi təsir edir. Bu baxımdan erkən müdaxilə, hüquqi maarifləndirmə və ictimai həssaslığın artırılması mühüm əhəmiyyət daşıyır.

Tədbir zamanı iştirakçılara zorakılığın növləri, hüquqi məsuliyyət tədbirləri, müraciət mexanizmləri və aidiyyəti qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda vurğulanıb ki, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması prioritet istiqamətlərdən biridir və bu sahədə kompleks tədbirlər həyata keçirilir.

Tədbirin sonunda şagirdlərin və valideynlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və onlara maarifləndirici materiallar təqdim olunub.

Keçidlər