Abşeron rayonunda Ailə Sağlamlıq Mərkəzinin yeni ünvanda istifadəyə verilən binasında yaradılan şəraitlə tanışlıq keçirilib
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində Ailə Sağlamlıq Mərkəzinin yeni ünvanda istifadəyə verilən binasında yaradılan şəraitlə tanışlıq keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov və mərkəzin tibb personalı iştirak edib.
Mərasimdə bildirilib ki, Aşağı Güzdək qəsəbəsində əvvəlcə feldşer-mama məntəqəsi kimi fəaliyyət göstərən tibb müəssisəsi sonradan qəsəbə həkim məntəqəsinə çevrilib. 2021-ci ildən tibb müəssisəsi Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərir. 2007-ci ildə həkim məntəqəsinin kiçik binası yeni bina ilə əvəz olunub. Lakin müxtəlif təbii səbəblərdən binada çatlar yaranaraq qəzalı vəziyyətə düşüb. Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin səyləri nəticəsində məsələnin həlli müzakirə olunaraq tibb müəssisəsinin yeni binaya köçürülməsi qərara alınıb. Hazırda fəaliyyət göstərəcək binada bir ildən çox müddətə təmir işləri aparılaraq, Aşağı Güzdək ASM-i bu binaya köçürülüb. Sözügedən yeni ünvan “Cənnət Park” MTK tərəfindən təmənnasız olaraq tibb işçilərinin istifadəsinə verilib.
Qeyd edilib ki, hazırda tibb müəssisəsi 2920 nəfəri uşaq olmaqla 12 600 nəfər əhaliyə ilkin tibbi sanitariya xidməti göstərir. 13 nəfərdən ibarət olan kollektivdə biri bölmə müdiri olmaqla 4 nəfər həkim işləyir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini və əlçatanlığını təmin etmək üçün tibb müəssisəsi ştat vahidi üzrə ailə həkimləri - terapevt, pediatr və mama ginekoloqla təmin olunub.
Gələcəkdə ASM-də tibbi xidmətin yaxşılaşdırılması və həkimlərin diaqnostik imkanlarının yaxşılaşdırılması üçün qanalma və funksional diaqnostika otaqlarının yaradılması nəzərdə tutulub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tibbi kollektivlə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.






