Abşeron rayonunda 28 May - Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Abşeron rayonunda fəaliyyət göstərən ümumtəhsil ocaqlarında 28 May - Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də şəhid Əfqan Qadaşov adına Pirəkəşkül tam orta məktəbdə baş tutub.
Toplantı iştirakçıları məktəbin ərazisində yerləşən Birinci Qarabağ müharibəsi şəhidi Gülbar Heydərovanın xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova şərqdə ilk demokratik dövlətin yaranması, Azərbaycan Xalq Cümhuriyyətini meydana gətirən tarixi şərait haqqında danışıb, qısa bir ömür sürən Cümhuriyyətin tarixdə oynadığı rolu diqqətə çatdırıb. G.Rəhimova qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan G.Rəhimova Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.
Daha sonra tam orta məktəbin direktoru Xəyalə Ramazanova çıxış edərək müstəqilliyimizə gedən keşməkeşli və mübarizəli yoldan, eyni zamanda müstəqilliyimizi qazandıqdan sonra onu qorumaq üçün bütün çətinliklərin öhdəsindən məharətlə gəlməyimizdən danışıb.
Tədbir sözügedən məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.






