Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilmişdir
Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilmişdir. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, hüquq mühafizə orqanlarının və idarə rəhbərləri, Abşeron polisinin şəxsi heyəti iştirak etmişdir.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Azərbaycan polisinin ölkəmizdə ictimai asayişin keşiyində layiqincə dayandığını, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiyini vurğulayan RİH başçısı bildirib ki, daxili işlər orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki bazası gücləndirilmiş, polis əməkdaşlarının pəşəkarlıq səviyyəsi artırılmış, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və digər tədbir iştirakçıları çıxış edərək qeyd etmişlər ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Həmçinin vurğulanıb ki, polis əməkdaşları istər I Qarabağ müharibəsi, istərsə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə ilə nəticələnən Vətən müharibəsi zamanı vətənimizin müdafiəsi üçün böyük fədakarlıqlar göstərmişdir.
Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilmiş, gələcək fəaliyyətlərində uğurlar arzu edilmişdir.