Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olundu
30 avqust 2022 | 16:23
TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunaraq istifadəyə verilib.
Açılışla əlaqədar olaraq həkimlər və orta tibbi personal üçün iki ayrı konfrans keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova, xəstəxananın həkimləri və tibbi personalının iştirak etdiyi konfransda TƏBİB-in “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrupu”nun rəhbəri Taleh Əliyev və işçi qrupun üzvləri Yavər Hacısoy, Bayram Tağıyev və d. elmi-praktik məruzələrlə çıxış ediblər.
Konfransda görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyasının xidmət sahələri genişləndirilib, Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri təşkil olunub. Mərkəzi Laboratoriyanın fəaliyyətinin bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısaldılıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına, eləcə də kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova və Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova görülmüş işlərin rayonun səhiyyə həyatında xüsusi əhəmiyyətini qeyd edərək ölkə rəhbərliyinə və TƏBİB-ə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) də dəstəyi ilə davamlı tibbi təhsil proqramı tətbiq edilir, laboratoriya həkimləri, laborantlar, qanalma tibb bacıları üçün müasir nəzəri və praktik təlimlər keçilir.
Eyni zamanda, laborator testlərin xəstəliklərin diaqnostikası üzrə beynəlxalq protokollara uyğun interpretasiyası üçün müalicə həkimləri üçün də seminarlar təşkil edilir.