“Abşeron könüllüləri” ilə görüş keçirilib
Abşeron rayon İcra Hakimiyyətində (RİH) könüllü qrupuna üzv olmaq üçün müraciət edən gənclərlə görüş keçirilib.
Görüşdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyərək, vətənpərvərlik misyasını özündə əks etdirən könüllülük hərəkatının öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyi olduğunu vurğulayıb.
G.Rəhimova bildirib ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda " ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” kimi bir sıra könüllülük hərəkatları yaradılmış, digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, rifahın yaxşılaşması istiqamətində dövlət qurumlarının fəaliyyətinə öz əvəzolunmaz töhfəsini verirlər.
O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan edilməsi barədə Sərəncamı üçüncü minillikdə gənclərin müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.
Daha sonra könüllülər çıxış edərək təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini qeyd ediblər.
Sonda könüllülərlə xatirə fotosu çəkilib.
Qeyd edək ki, könüllülük fəaliyyətinə gənclər 3 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklər. Bu müddətdə işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.