Abşeron güləş məktəbinin yetirmələri Avropa Çempionatında tarix yazdılar
02 iyul 2022 | 09:57
İtaliyanın paytaxtı Roma şəhərində güləş üzrə U-20 Avropa Çempionatı keçirilib. Üçüncü yarış günündə qızlardan ibarət millimizin üzvü Elnurə Məmmədova mübarizəyə qoşulub. Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri “təmiz qələbə” ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqibi - bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış - Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Avropa çempionu titulunu əldə edib.
Elnurə Məmmədovanı və onun məşqçisi Mais Məsimovu qazanılmış yüksək nəticəyə görə təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayırıq.
Güləşçilərimiz bununla kifayətlənməyib və tarix yazmaqda davam ediblər. Belə ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 2 Abşeronlu üzvü mübarizəyə qoşulub. Elnurə Məmmədovanın ardınca Birgül Soltanova da Avropa çempionu olub, Mərziyə Sadıqova isə bürünc medal qazanıb. Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib. Millinin üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda ukraynalı İrina Bondarı "təmiz qələbə" ilə məğlub edən Soltanova finala yüksəlib. Güləşçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Soltanova qızıl medalı boynundan asıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq əsl xarakter göstərən Mərziyə Sadıqova rəqibini "təmiz qələbə" ilə məğlub edərək bürünc medal qazanıb.
Beləliklə, komandamız qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla başa vurub. Qazanılan 4 medaldan 3-ü (2 qızıl və 1 bürünc) Abşeron güləşçilərinin payına düşür.
İdmançılarımız bu nəticə ilə cari ilin avqust ayında keçiriləcək İslam Həmrəylik Oyunlarına vəsiqə qazanıblar.
Güləşçi qızlarımızı təbrik edir, onlara gələcək yarışlarda da uğurlar arzulayırıq.