Abşeron rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi
Abşeron rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd edilmişdir. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə rayonun Qobu qəsəbəsində 31 Mart Azərbaycanlıların Soyqırımının günahsız qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan Anım Kompleksinin açılışında iştirtak etmişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədr müavini Məhəbbət Qasımov tədbiri açaraq 1918-ci il hadisələri zamanı Abşeron rayonundan, o cümlədən Qobu qəsəbəsindən də şəhidlərin verildiyini qeyd edərək bildirmişdir ki, qəsəbə ağsaqqallarından olan Məşədi Hilal Hacıİsmayıl oğlu ermənilərin törətdiyi vəhşiliklərin qarşısını almağa, kənd camaatını qorumağa çalışdığı zaman qanına qəltan edilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının başına gətirilən bəzi faciələr uzun illər gizli saxlanılmağa, xalqın yaddaşından silinməyə çalışılmışdır. Lakin Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə olan həqiqətlərin üzə çıxarılmasına səbəb olmuş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 1918-ci ilin mart soyqırımları zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirmiş, soydaşlarımızı diri-diri yandırmışlar. Bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmiş, dinc əhali sadəcə Azərbaycanlı olduğu üçün kütləvi surətdə qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
A.Fərzəliyev qeyd etmişdir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlamış, 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuşlar. Bu qanlı faciə zamanı 613 nəfər qanına qəltan edilmişdir, sivil insanlar əsir alınmışdır.
Sonra RİH başçısı Abdin Fərzəliyev Qobu qəsəbəsindən olan şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır.
Daha sonra anım tədbirləri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Abşeron RİH yanında İctimai Şuranın üzvü, elmlər doktoru Əbülfət Pələngov və Saray 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə hüseynova çıxış edərək ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, onların həyata keçirdiyi vəhşiliklərdən danışmış, azərbaycanlıların hümanistliyindən istifadə edən mənfur qonşularımızın tarixi dədə-baba torpaqlarımıza göz dikdiklərini və buna görə də istənilən fürsətdən istifadə edərək soydaşlarımıza qarşı dəfələrlə soyqırım siyasəti hıəyata keçirdiklərini qeyd etmişlər. Bildirilmişdir ki, heç bir zaman ermənilərə inanmaq və güvənmək olmaz. Çünki torpaqlarımızda gözü olan yurdsuzlar öz çirkin siyasətlərindən əl çəkməyəcək və daim təxribata əl atacaqlar. Qalib gəldiyimiz Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi bağlansa da belə, ayıq-sayıq olmalı, ehtiyatı əldən verməməliyik.