Xirdalan şəhərində səyyar qəbul keçirildi
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Xırdalan şəhər sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. “Açıq qapı” formatında düzənlənən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında həyata keçirilmiş abadlıq-quruculuq işlərinə və park ərazisində yeni qurulan idman meydançasına baxış keçirmişlər. Görülən işlər barəsində məlumat verilərək bildirib ki, sakinlərin etdiyi müraciətlərdən sonra Heydər Əliyev Parkındakı açıq sahədə idman meydançasının qurulması istiqamətində qərar verilmişdir. Sözügedən sahəyə idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələr döşənmiş, əraziyə bir-birindən fərqli 18 idman qurğusu quraşdırılmışdır. Bu qurğulardan təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda yaşlı insanlar və hərəkət məhdudiyyəti olan sakinlər də yararlana biləcəklər.
Bundan başqa meydançanın kənarlarına oturacaqlar qoyulmuş, 50-dən çox həmişəyaşıl ağac və gül kolları əkilmişdir. Bununla da park ərazisində yaradılan idman meydançalarının sayı 2-ə çatdırılmışdır.
Abdin Fərzəliyev idman meydançasında yaradılan şəraitlə tanış olduqdan sonra şəhər sakinləri ilə görüşmüş, onların istək və arzuları ilə maraqlanmışdır.
Sonra Heydər Əliyev Mərkəzində baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev hər həftə səyyar qəbulların keçirildiyini qeyd edərək, yerlərdə yaranan problemlərin dərindən araşdırıldığını və onların həlli istiqamətində proqramların hazırlandığını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən Müharibəsi haqqında danışılaraq bildirilmişdir ki, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönələ biləcək bütün addımlar yerindəcə zərərsizləşdiriləcəkdir.
Qeyd edilmişdir ki, bütün respublika ərazisində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Daha sonra çıxış edən Xırdalan sakinləri yeni məktəb və bağça binalarının tikilməsində, sənədsiz evlərin sənədləşdirilməsində, yağış sularının axıdılması zamanı yaranan kanalizasiya problemlərinin köklü şəkildə həll olunmasında və digər problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.