Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron güləşçiləri Avropa Çempionatında 4 medal qazandı

14 mart 2022 | 16:00

Abşeron güləşçiləri Avropa Çempionatında 4 medal qazanıb. Bu barədə Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev məlumat verib. O bildirib ki, cari ilin 9-13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək sərbəst güləşçilərin Avropa Çempionatında təmsilçilərimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə etməyi bacarıb. Belə ki, çempionatda İslam İlyasov (97 kq) yarışa 1/4 finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabıyla xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparıb. Final dramatik alınıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.
Çempionatda növbəti qələbəni bütün rəqiblərinə qalib gələrək gənc qadın güləşçimiz Jalə Əliyeva (62 kq) qazanaraq qızıl medalla təltif olunub.
Növbəti qələbə gənc qadın güləşçimiz Elnurə Məmmədovadan (55 kq) gəlib. O, çempionatda 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Növbəti qələbə sevincini bizə bəxş edən gənc kişi güləşçimiz ən ağır çəkidə çıxış edən Aydın Əhmədov (125 kq) olub. O erməni rəqibinə qalib gələrək çempionatda 3-cü yeri tutaraq ölkəmizə bürünc medal qazandırıb.
Əsgər Əmrəliyev onu da qeyd edib ki, təkcə Abşeron rayon güləşçilərinin Avropa Çempionatında əldə etdiyi nəticələr bir çox böyük Avropa dövlətlərinin göstərdiyi nəticələrdən xeyli yüksək olub.

Keçidlər