Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda şəhid Rüfət Şabanovun 21-ci doğum günündə bulaq kompleksi istifadəyə verildi

25 fevral 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən Şabanovun Rüfət Rauf oğlunun anadan olmasının 21-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Ceyranbatan qəsəbə qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
İştirakçılar daha sonra şəhidimizin əvvəllər yaşadığı binanın qarşısında yeni inşa olunan Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak etmişlər.
Bildirilmişdir ki, hər bir Azərbaycan oğlu kimi R.Şabanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanmış və Murovdağ zirvəzi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında həmişəyaşıl ağac və gül kolları əkilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılmışdır.
Sonda məktəblilər vətənpərvərliyə, qələbəyə və şəhidlərimizə aid şeirlər səsləndirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Rüfət Şabanovun əvvəllər yaşadığı Ceyranbatan qəsəbəsindəki evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirmişdir.
Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər