İradə Gülməmmədova Prezidentin mükafatlandırdığı Abşeronlu gənclə görüşdü
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən Nərgiz Abdulova və onun anası Cəmilə Avbdulova ilə görüşüb. İ.Gülməmmədova bildirib ki, 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla mükafatlandırılan 10 nəfər arasında Abşeronlu gəncin olması bizi də çox sevindirir. Belə bir yüksək mükafata layiq görülməyin böyük xoşbəxtlik olduğunu vurğulayan başçı N.Abdulavanı bu uğur münasibəti ilə təbrik edib.
Nərgiz Abdulova belə bir yüksək mükafata layiq görüldüyü üçün cənab Prezident İlham Əliyevə təşəkkür edərək qeyd edib ki, bundan sonra da fəaliyyətini daha da genişləndirəcək. Eşitmə və nitq məhdudiyyətli olduğunu, lakin buna baxmayaraq aktiv ictimai fəaliyyətlə məşğul olduğunu, eyni problemdən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiya etməsinə köməklik göstərdiyini bildirən N.Abdulova qeyd edib ki, 2012-ci ildə “Mənim Dünyam eşitmə məhdudiyyətli uşaq və gənclər klubu” valideyinləri tərəfindən yaradılıb. O vaxtdan bu klubda uşaqlarla aktiv görüşlər keçirməklə onların inkişafında mühüm rol oynayıb. 2016-cı ildə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi kimi qeydiyyatdan keçən təşkilatın fəaliyyəti daha da genişlənib. Burada digər eşitmə məhdudiyyətli gənclərə motivasiya verən qəhrəmanımız 2016-cı ildən başlayaraq Qeyri Hökümət Təşkilatlarında təlim və seminarlara qoşularaq bir çox sertifikat və diplomlara layiq görülüb.
Əl işlərinə olan böyük marağı sayəsində bir çox sərgilərin təşkilatçısı olub. 2017-2018 ci illərdə Abşeron rayon Mədəniyyət evində sərgilər təşkil edərək eşitmə məhdudiyyətli gənclərə dəstək olub. Məhdudiyyətli şəxslərin əl işlərinin satış sərgisini bir çox məkanlarda ildə iki dəfə olmaqla təşkilində könüllü yardım göstərib.
2019 cu ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
2019 cu ildə Azərbaycan Gənclər Fondunda elan olunan Qrand layihəsinin qalibi olub, “Səssizliyin səsi olaq!” adlı layihəyə rəhbərlik edib. Bu layihə gənclərin İşarət dilinə olan marağını artırmaq və İşarət dilində danışan məhdudiyyətli gənclərə bir dəstək rolunu oynayıb. Layihə çərçivəsində Gəncə və Lənkəran Dövlət Universitetinə, bir qrup eşitmə məhdudiyyətli gənci cəlb edərək təlim keçib.
2019 cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Dövlət Himnini ilk dəfə olaraq İşarət dilində tərcümə olunmasında dəstək göstərib. Həmin layihədə, layihə köməkçisi olmaqla yanaşı, 15 eşitmə məhdudiyyətli gənclərlə birgə bu Himnin əsərində çəkilib.
2017-ci ildən müxtəlif sosial rolik və kliplərdə rol almaqla yanaşı , bir çoxlarının ideya müəllifi olub. 3 dekabr Beynəlxalq Əlillər günü ərəfəsində məhdudiyyətli gənclərlə bağlı Arzularına çatmaq üçün “Məhdudiyyətli olmaq əngəl deyil” adlı video rolikdə çəkilib.
2020-ci ildə eşitmə məhdudiyyətli gənclərlə Asan xidmətin Əsgərə Məktub layihəsini, eşitmə məhdudiyyətlilər adından icra edib. Cəmiyyətə Vətənpərvər ruhda sosial mesajları sosial şəbəkə vasitəsiylə ötürüb.
2019-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Fondunun Elektron Arxiv layihəsində, sosial agent olaraq fəaliyyət göstərir.
N.Abdulovanın anası, “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin sədri Cəmilə Avbdulova da Prezident İlham Əliyevə bir ana kimi minnətdar olduğunu qeyd edərək daim dövlət tərəfindən diqqət və qayğı gördüklərini önə çəkib. Bir neçə il bundan əvvəl Abşeron RİH-i tərəfindən ofislə təmin olunduqlarını və bunun da onların faəliyyətlərinin daha da genişlənməsinə müsbət təsir etdiyini vurğulayan cəmiyyət sədri göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonda mükafatçı ilə xatirə şəkili çəkilib.