Abşeron rayonunda "Çernobıl Əlilləri" ilə görüş keçirildi
25 aprel 2014-cü il tarixində Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova , Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov iştirak edirdi.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Görüşdə çıxış edən Abşeron rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildiridi ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Hadisədən artıq 28 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər", - I.Gülməmmədova vurğuladı.
Daha sonra çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov qeyd etdi ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb.
Tədbirdə qeyd olundu ki, Abşeron rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar müxtəlif dərəcəli əlildirlər və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicə ilə təmin olunurlar.
Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün ölkəmizdə əlillərin həyat tərzi yaxşılaşdırılmış və onlar üçün hər cür şərait yaradılmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini İ.Gülməmmədova son olaraq vurğuladı ki, rayonda əlillərə qayğı və diqqət bundan sonra da davam etdiriləcək, onların həyat tərzi maksimum səviyyəyə çatdırılacaqdır.
Tədbirin sonunda əlillərə maddi yardım göstərildi.