Xırdalandakı partlayışda zərər çəkmiş sakinlərlə görüş keçirildi – Onlar kirayə evlərdə yerləşdirildi
Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib. Görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov iştirak edib. Görüşdə İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova araşdırmanın nəticəsində binanın təmir olunacağı istiqamətində qərar veriləcək.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır. Qış ayı olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.