İradə Gülməmmədova əsaslı şəkildə yenidən qurulan Əbdüləli Mürsəlov küçəsinə baxış keçirdi
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhədində əsaslı şəkildə yenidən qurulan Əbdüləli Mürsəlov küçəsinə baxış keçirib. RİH başçısına bildirilib ki, sözügedən küçə Xırdalan şəhərinin qədimi hissəsinin əsas prospektlərindən biridir. Layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə ərazyə 6570 kvadratmetr asfalt örtüyü çəkiləcək.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Hazırda adı çəkilən küçədə asfaltlanma işləri aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Layihə çərçivəsində işıq dirəkləri quraşdırılacaq və küçənin işıqlandırılması təmin ediləcək.
RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.
Sonra sakinlərlə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Xırdalan şəhərində həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.