Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

08 fevral 2014 | 16:00

Xırdalan Şəhər Mədəniyyət Evində Abşeron rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Burada rayonun istehsal müəssisələrinin məhsullarının geniş çeşidi, həmçinin 2013-cü ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlər təqdim edilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, hesabat ilində rayonda 1000 tonadək meyvə, o cümlədən 454 ton zeytun istehsal olunmuş, 32 hektarda yeni zeytun bağı salınmış, üzümlüklərin sahəsi 300 hektara çatdırılmışdır.
İl ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 90 nəfərə 12,3 milyon manat güzəştli kredit verilmişdir.
Hesabat ilində məşğul əhalinin sayı artaraq 123738 nəfərə çatmış, hər işçiyə düşən orta aylıq əmək haqqının məbləği 280 manat təşkil etmişdir. Ötən il 2834 yeni iş yeri açılmış, son on ildə rayonda açılmış yeni iş yerlərinin ümumi sayı 18 mini ötmüşdür.
Qeyd olunmuşdur ki, rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 106,7 milyon manatlıq məhsul istehsal etmişdir. Bunun 74 faizi qeyri–dövlət sektorunun payına düşür.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı əsasında bu ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar olaraq rayonda bu sahənin inkişafı, ixrac yönlü sənaye məhsullarının istehsalının və emalının əhəmiyyətli dərəcədə artırılması daim diqqət mərkəzində saxlanmalıdır.
Məruzədə rayonda aparılan əsaslı tikinti və təmir-bərpa işləri, qəsəbə və kəndlərdə sosial obyektlərin şəbəkəsinin genişləndirilməsi, çoxmərtəbəli yaşayış evlərinin estetik görünüşünün müasirləşdirilməsi, rayon ərazisindən keçən Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfi boyunca tikililərin fasadlarının zövqlə üzlənməsi, yolların mühafizə zonasında qazon örtüklər salınmaqla dekorativ ağac və kolların əkilməsi, ərazilərdə aparılan təmizlik işləri haqqında geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istilik sisteminin qaydaya salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təminatında, sayğacların quraşdırılmasında xeyli iş görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, son üç ildə rayonun büdcəsi yerli gəlirlər hesabına formalaşdırılır. Hesabat dövründə yerli büdcəyə 28 milyon 253 min manat vəsait cəlb olunaraq proqnoza 102 faiz əməl edilmiş, rayonun yerli büdcəsinin xərcləri isə 99 faiz icra olunmuşdur.
Ötən il rayon üzrə 3293 ailənin 13311 nəfər üzvünə 403 min manat ünvanlı sosial yardım təyin edilmiş və 383 aztəminatlı və şəhid ailəsinə, kimsəsizlərə və tənha ahıllara, məcburi köçkünlərə rayon icra hakimiyyəti yanında büdcədənkənar inkişaf və bərpa fondundan 94930 manat yardım göstərilmişdir.
Hesabat məruzəsində, həmçinin təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən, rayon ərazisində Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin, rayon mərkəzi xəstəxanasının, uşaq musiqi və şahmat məktəblərinin və digər sosial obyektlərin inşasının sürətlə davam etdiyindən də söz açılmışdır.
Məruzə ətrafında çıxış edənlər qazanılan nailiyyətləri dövlətimizin başçısının regionlara göstərdiyi böyük diqqətin təzahürü kimi dəyərləndirmişlər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək görülmüş işləri yüksək qiymətləndirmiş, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər