Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon sakinlərini Qurban bayramı münasibəti ilə təbrik etdi
Əziz Abşeronlular!
Sizi müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan qurbanlarınızın, etdiyiniz dualarınızın qəbul olunmasını və ailənizdə xoşbəxtliyin olmasını diləyirəm.
Qurban bayramı dünya sivilizasiyasının yeni inkişafına təsir edən hadisələrdən biridir. Məhz bu gündə islam bir din kimi tamamlanıb insanlara bəxş edilmişdir. Yer kürəsində yaşayan bütün müsəlmanlar əsrlər boyu bu günlərdə bir araya gəlmiş, bayramlaşmış, paylaşmış, bölüşmüş və ilahi hikmətdən faydalanaraq yaşayıb yaratmış, bəşəriyyətin mənəvi dəyərlər xəzinəsinə öz layiqli töhfələrini vermişlər.
Xalqımız da islam mədəniyyətinin bir parçası olaraq dinimizin bərabərlik, paylaşmaq və qardaşlıq prinsiplərini hər zaman üstün tutmuş, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir.
Bu gün də böyük sevinc və coşqu ilə qeyd edilən Qurban bayramında müsəlmanlar tərəfindən müqəddəs borc və vəzifələr yerinə yetirilir.
Qoy bu müqəddəs bayramlarımızı işğal altında olan torpaqlarımızda, o cümlədən Şuşada, Xankəndində, Ağdamda azad, firavan və şad şəkildə qeyd edək. Qurban bayramı hər obaya, hər evə rahatlıq və əmin-amanlıq gətirsin, xalqımızı xəstəliklərdən, xata-balalardan qorusun.
Bayramınız mübarək olsun!
İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı