Şriftin ölçüsü :

Saytın rəngi :

Diplomatiyada ən böyük müdafiə hücumdur!

16 iyul 2020 | 16:00

Düşmən aldığı zərbəni hələ uzun illər unuda bilməyəcək

Azərbaycan-Ermənistan sərhədində ermənilər növbəti dəfə təxribat törətdilər. Öz xislətlərindən heç bir zaman əl çəkməyən mənfur düşmənlərimiz xain planlarını yenə işə saldılar. Doğrudur, Azərbaycan Ordusu bütün təxribatlara cavab vermək üçün hər an hazır vəziyyətdə olduğunu bir daha göstərdi. Düşmənin həmləsi beşiyindəcə boğuldu. Lakin qonşuluğunda əqrəb varsa, onun imkan düşən kimi səni sancacağını qabaqcadan hesablamalısan. Əgər hiyləgər düşmənlə üz-üzəsənsə, deməli, bir an belə, ayıq-sayıqlığı əldən vermək olmaz.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda erməni təxribatına da toxunuldu. Dövlət başçısı iyulun 12-də erməni silahlı qüvvələrinin Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirdiyini və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimizin həlak olduğunu bildirərək ordumuzun düşmənə verdiyi layiqli cavabdan söz açmışdır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamının alındığını, onların qanının yerdə qalmadığını vurğulayan cənab Prezidentin sözlərinə görə,  düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar.

Günahkarın qabaqdangəlmişliyi – “Mən başlamadım”

Ermənilər həmişə olduğu kimi bu dəfə də öz hiylələrindən çəkinmədilər. Günahkarın bərkdən qışqırması onun “qabaqdangəlmiş” siyasət yerinə yetirdiyini biruzə verir. Beynəlxalq aləmə özünü “süddən çıxmış ağ qaşıq” kimi təqdim etməsi də nəticəsiz qaldı. Artıq dünya ictimaiyyəti ermənilərin iç üzünə çoxdan bələddir. Prezident İlham Əliyev iclasda ermənilərin bu hiyləsinə də toxunub. O qeyd edib ki, Ermənistan təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. “Bizim Ermənistanla  Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur” – deyən cənab Prezident qeyd edib ki, edilən təxribatla bağlı Təhlükəsizlik Şurasının toplantısı çağırılıb, vəziyyət müzakirə edilib. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir.

Düşmənin onlarla hərbçisi, dayaq məntəqələri, postları və infrastrukturu məhv edildi

İclasda qeyd edildi ki, düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan olub. Aprel döyüşlərində öz rəşadətini göstərmiş hərbçimiz yüksək dövlət ordeni ilə də təltif edilib. “Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır” – deyən dövlət başçıcı bildirib ki, düşmənin onlarla hərbçisi,  onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi, o cümlədən onların postu və bütün infrastrukturu məhv edilib. Bu əməliyyatı, son günlər ərzində baş vermiş hərbi toqquşmanı “bizim növbəti şanlı qələbəmiz” adlandıran cənab Prezidentin sözlərinə görə, bu əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. “2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur”. Qeyd edeilib ki, aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur düşmən ən çirkin əməllərə əl atıb. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlərbir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.

“Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib”

İclasda cənab Prezident İlham Əliyev Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilmədiyinə diqqət çəkib. Dövlət başçısı torpaqlarımızın işğalının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, ərazilərimizin itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. “O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər”.
Sərhəddə baş verən son təxribat Azərbaycanda həm də xalq-iqtidar birliyini bir daha nümayiş etdirdi. Yüzlərlə, minlərlə insan küçələrə, meydanlara axışaraq hakimiyyətə, dövlətə olan inamını, döyüş əzmini, Ali Baş Komandanın əmrini gözlədiyini bəyan etdi. Prezident İlhamn Əliyev də bu nüansı xüsusi qeyd edərək xalqın Qarabağ tələbindən söz açıb: “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir”.

Ermənistan rəhbərliyinə böhranlı vəziyyət nə üçün lazımdır?

Artıq hər kəsə bəllidir ki, ermənilər tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Daxili iqtisadiyyatı ianələr hesabına formalaşan Ermənistan pandemiya zamanı onsuz da ağır olan durumu daha da ağırlaşıb. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. İndi iqtisadi suallar qarşısında aciz qalan rəsmi İrəvan xalqın başını qatmağın, vaxt qazanmağın yollarını axtarırı. Bu yol hətta erməni gənclərinin qanı bahasına başa gəlsə belə, ondan imtina etmirlər. Deməli, müharibə ab-havası yaratmaq Paşinyan hökümətinə hava-su kimi lazımdır. Çünki istənilən cəmiyyət müharibə ritorikası altında birləşir və daxili narazılıqları kənara qoyur. Ölkə içindəki narazılıqları təcili şəkildə yatırmağa çalışan Paşinyan yaxşı bilir ki, əks təqdirdə hakimiyyətə necə gəlibsə, elə də yola salınacaq. Çünki Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın. Bütün bu səbəbələr deməyə əsas verir ki, bu təxribata şüurlu şəkildə əl atıblar.

Ermənistanın “KTMT çətiri” arzusu...

Uzun zamandır ki, ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “çətirinə” sahib olmağa çalışırlar. Azərbaycanın hər an öz torpaqlarını müharibə yolu ilə azad edə biləcəyini proqnozlaşdıran düşmənlərimiz ordumuzun qarşısında tək duruş gətirə bilməyəcəklərini yaxşı anlayırlar. Ona görə də, KTMT-nin çətiri altında gizlənməyə cəhd edirlər. Əbəs yerə deyil ki, çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib yardım istədi. Hay-haray qaldırıb ki, qoymayın bizi Azərbaycanlılar məhv edəcəklər. Təxribat törədiləndən dərhal sonra,iyul ayının 12-də günorta saatlarında Prezident müvafiq göstərişlər verib və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat alıb və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat veriblər.

Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır

İclasda Prezident İlham Əliyev son təxribatlar fonunda Azərbaycan diplomatiyasının daha uğurlu çalışa biləcəyinə diqqət çəkərək diplomatların fəaliyyətinin genişləndirilməsinin vacibliyindən danışıb. “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi” – deyən dövlət başçısı qeyd edib ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilib. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər: “XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir”.

Dar gündə bilinən dostlar - Azərbaycanı kimlər dəstəklədi?

Ermənilərin son təxribatları zamanı Azərbaycan meydanda tək qalmadı. Bizə dost və qardaş olan ölkələr Azərbaycana öz dəstəklərini bildirərək işğalçı Ermənistanın törətdiyi təxribatı pisləyən bəyanatla çıxış etdilər.  “Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük” – deyən Prezidentin sözlərinə görə, Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verdi.

Daxili təxribatçı qrupların əməllərinə qısa müddətdə son qoyuldu

Ermənistanın təxribatına ordumuzun uğurlu əməliyyatla cavab verməsi və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Prezident İlham Əliyev məsələ ilə bağlı danışarkən qeyd edib ki, xalqın göstərdiyi mənzərə onun birliyindən xəbər verir: “Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insanın Şəhidlər xiyabanına gəldiyini vurğulayan dövlət başçısının sözlərinə görə, daxili təxribatçılar öz məqsədlərini ortaya qoymağa cəhd edib: “Əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”.

Keçidlər