Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan istənilən böhranla bacara bilər

09 iyul 2020 | 16:00

Prezident İlham Əliyev: “Ön planda insanların sağlamlığıdır”

Dünyada müşahidə olunan koronavirus pandemiyası dövlətləri müxtəlif addımlar atmağa vadar etdi. Bu baxımdan da Azərbaycan qabaqlayıcı tədbirlər görməklə pandemiyanın gətirə biləcəyi ağır nəticələri aradan qaldırmış oldu. Belə tədbirlərdən biri və bəlkədə ən əhəmiyyətlərindən olanı modul tipli xəstəxanaların tikilməsidir. Bu tikinti işləri hazırda da davam etdirilməkdədir. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimaiTeleviziyaya və “Xəzər”  Televiziyasına verdiyi müsahibədə bildirib ki, daha beş modul tipli xəstəxana inşa olunacaq. Deməli, Azərbaycan koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olacaq. Yeri gəlmişkən qeyd olunamalıdır ki, hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlarki, bu xəstəxanalarında 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. Bu gün xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. “Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heçbir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil”-deyən Prezident İlham Əliyev  pandemiya dövründə xüsusi qaydalara riayət olunmasının vacibliyini qeyd edib. Ölkəmizdə hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlar nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olunacaq.
Müsahibə zamanı Azərbaycanın ÜST ilə əməkdaşlıqdan danışan cənab Prezident bildirib ki, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək.

Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb

Pandemiya dövründə dünya dövlətləri qarşısında duran əsas məsələlərdən biri də iqtisadiyyatı qorumaq, prosesdən az itkilərlə çıxmağı təmin etməkdir. Azərbaycan da bu istiqamətdə xüsusi əhəmiyyətli addımlar atmaqdadır. Ölkə iqtisadiyyatının ciddi əsaslar üzərində qurulması səbəbindən pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğrayıb. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb, ixtisarlar edilməyib. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. “Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır”- söyləyən Prezident İlham Əliyev qeyd edib ki, bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.

Ölkəmiz ucuz neft qiymətinə də dayanıqlıdır

Prezident İlham Əliyev müsahibəsi zamanı neftin qiymətinin ucuz olmasına da toxunub. Dövlət başçısı bildirib ki, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. “Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Rəsmi Bakı tərəfindən bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərildiyini və onu ölkələrə həmrəylik borcu kimi etdiyini vurğulayan dövlət başçısı “Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”-deyə fikrini qeyd edib.

Avropa təşkilatlarının Ermənistana göz yummasının səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır: “Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünü müdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır.  Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”.

“Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib”

“Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki,  Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib” - deyən Prezident İlham Əliyevin sözlərinə görə, biz  onların əsl mahiyyətini üzə çıxarıb, onların faşist mahiyyətini ifşa edirik: “Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı”.
BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququnun olduğunu qeyd edən dövlət başçısı Ermənistanın BMT-dən üstün olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir.

ATƏT işğala məruz qalmış ərazilərdə baş verən qanunsuzluqlara göz yumur

Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha ATƏT-in fəaliyyətsizliyindən söz açıb. Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. “ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi.  Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi”.

Keçidlər